BİOQRAFİYA

Kərimov Məhəmməd Məmmədəli oğlu 1979-cu ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə, Lenin təqaüdü ilə bitirmiş və bir illik internaturanı Bakı şəh. TTYX -da keçmişdir. 1980-1983-cü illərdə təyinatla Sumqayit şəhərində 1 saylı xəstəxanada həkim-cərrah işləmişdir. 1983-cü ildən əmək fəaliyyətini və təhsilini SSRİ Tibb Elmlər Akademiyasının A.V.Vişnevski adına Cərrahiyyə İnstitunda (Moskva şəhərində) kliniki ordinaturada davam etdirmişdir. 1985-ci ildə kliniki ordinaturanı uğurla başa vurmuş və həmin ildə də həmin İnsititutda müsabiqə yolu ilə aspiranturaya daxil olmuşdur. M.Kərimov 1988–ci ildə Sovetlər İttifaqında damar cərrahıyyəsinin banisi, dünyaca məşhur akademik A. V. Pokrovskinin rəhbərliyi altında “Aşağı ətrafların trofiki xoralarla fəsadlaşmış xroniki venoz çatmazlığının idarəolunan abakterial mühitdə cərrahi müalicəsi” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiyə edib Vətənə qayıtmış və sonrakı əmək fəaliyyətİ Azərbaycan Tibb Universiteti ilə bağlı olmuşdur.

1988–cu ildə Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahlıq kafedrasında assistent vəzifəsinə təyin edilmiş, 1995-ci ildə həmin kafedranın dosenti seçilmişdir. M. M. Kərimov 2003-cü ildə akademik M. İ. Davudov və professor Ç.M. Cəfərovun elmi məsləhətçiliyi ilə “Qida borusu xərçənginin cərrahi müalicəsi və proqnoz amilləri” mövzusunda doktorluq dissertasiyası işinin aprobasiyasını N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində, müdafiəsini isə 2005-ci ildə isə Azərbaycan Onkoloji Elmi Mərkəzində etmişdir. M.Kərimov 2010-cu ildən ATU-nun Ümumi Cərrahiyyə kafedrasının professorudur.

Professor M. M. Kərimov 2006-cı ildə Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Baş cərrahı, sonra isə Səhiyyə Nazirliyinin Cərrahi profilli ixtisaslar üzrə Sertifikasiya və Attestasiya Komissiyalarının sədri təyin edilmişdir. Hal hazırda Azərbaycan Tibb Universitetinin Cərrahiyyə üzrə İxtisaslaşdırılmış Elmi Şurasının, Milli Elmlər Akademiyasının Tibbi Şurasının, eləcədə bir çox başqa şura və komissiyaların üzvüdür.

Müasir cərrahiyyənin müxtəlif sahələrində fəaliyyət göstərən prof. M.Kərimov cərrah, alim və bir pedoqoq kimi öz işini davam etdirir. Apardığı əməliyyatlar döş qəfəsi, qarın boşluğu üzvlərinin, eləcədə endokrin və damar sisteminin müxtəlif xəstəliklərini əhatə edir, öz müasirliyi və mürəkkəbliyi ilə seçilir.

Professor M. M. Kərimovun əsərləri bu gün dünyanın bir çox samballı beynəlxalq mənbələrində nəşr edilir, özü isə Azərbaycan cərrahiyyəsini dünyanınmüxtəlif ölkələrində – ABŞ (dəfələrlə), Avstraliya, Almaniya(dəfələrlə), Fransa (dəfələrlə), İtaliya (dəfələrlə), İngiltərə, Hollandiya, İsrail, Avstriya, İsveçrə, Çexiya (dəfələrlə), Sloveniya, Şotlandiya, Rusiya, Türkiyədə (dəfələrlə) müxtəlif konqres və simpoziumlarda ləyaqətlə təmsil etmişdır. Ümumdünya Damar Cərrahları Assosasiyası, Dünya Fleboloji Forumu, Avropa Cərrahlar Cəmiyyəti, Avropa Damar Cərrahları Assosiasiyası və bu kimi bir çox mötəbər beynəlxalq cəmiyyətlərin üzvüdür.

Professor M. M. Kərimov bu gün yaradıcılığın fəal və məhsuldar dövrünü yaşayır. Aktiv cərrahi və elmi fəaliyyətlə məşgul olan, Azərbaycanda cərrahiyyənin bəzi sahələrinin əsasını qoyan və ən son yenilikləri tətbiq edən novator cərrahdır. Bunlara endovenoz cərrahiyyə – varikoz xəstəliyinin müxtəlif formalarının Lazer, Radiotezlikli dalğalar, Exoskleroterapiya müalicəsi, Babasil xəstəliyinin ən son müalicə üsulu olan THD (transanal hemorroidal dearterilizasiya) əməliyyatları aid ola bilər. Bu müalicə üsulları bu gün dünyada geniş istifadə olunan ən son, qeyri invaziv, kəsiksiz və ağrısız metod olub, özünün yüksək effektivliyi ilə seçilirlər.

Professor M.M. Kərimov 2013-cü ilin sentyabr – oktyabr aylarında Azərbaycan cərrahiyyəsini dünyanın iki beynəlxalq miqyaslı mötəbər forumlarında ləyaqətlə təmsil etmişdir. İlk forum 9 – 16 sentyabrda ABŞ-nın Boston şəhərində Dünya Damar Cərrahları Assosasiyasının XVII Konqresi olmuşdur. Konqres Damar Cərrahiyyəsinin son naliyyətlərinin geniş müzakirəsinə həsr olunmuş və həkimlərə çox faydalı məsləhət və tövsiyyələr verilmişdir. Digər Forum 27 sentyabr – 2 oktyabr 2013 tarixlərində İtaliyada Roma şəhərində keçirilən Avropa Damar Cərrahları Assossasiyasının XXI Konqresi olmuşdur. Bu Konqresdə Professor M. Kərimov “Varikoz Xəstəliyinin Müalicəsində Lazerin tətbiqi” mövzusunda çıxış etmiş və bu sahədə Azərbaycan Cərrahiyyəsinin böyük uğurunu Beynəlxalq ictimaiyyətə çatdırmışdır. 2013-cü ilin ən böyük uğuru kimi 14 dekabrda Oksigen Klinik Xəstəxanasında ilk dəfə ən son nəsil Lazerlə (Radial Lazer) aparılan cərrahi əməliyyatı qeyd etmək olar. Belə ki, son 2-3 il ərzində dünyada yeni kəşf edilmiş Radial tipli Lazerlərin tətbiqinə xüsusi önəm verilməkdədir. Bu növ Lazer özünün çox yüksək effektliyi, təhlükəsizliyi, eləcə də tam ağrısız olması ilə səciyyələnir. Bu da əməliyyata məruz qalmış xəstələr tərəfindən çox yüksək qiymətləndirilir.

Professor Kərimov M. son dünya konqresindən qayıtdıqdan sonra rəhbərlik etdiyi Fleboloji bölümlə bu ideyanın Azərbaycana gətirilməsi üzərində intensiv çalışmağa başlamış və qısa müddət ərzində (təqribən 3 ay) onun reallaşmasına nail olmuşdur. Artıq bir neçə xəstədə bu müasir üsul uğurla tətbiq edilmiş və alınmış ilkin nəticələr xəstələr tərəfindən çox yüksək qiymətləndirilir. 2014-cü ilin ən böyük uğuru Azərbaycanda ilk dəfə “Biolas”sistemi (Türkiyə istehsalı) ilə varikozun lazerdən sonra dünyada yaradılmış müalicə üsulunu uğurla ATU-nun TCK-da işlədilməsi sayıla bilər. Bütün dünyada Vena-Seal (ABŞ-İngiltərə) sistemi adı ilə tanınan bu yeni müalicə üsulu sürətlə inkişaf etməkdədir və çox xoş haldır ki, onun analoqu ilk dəfə Türk mütəxəssisləri tərəfindən kəşf edilmiş və geniş tətbiq edilməkdədir. MDB məkanında ilk dəfə məhz Azərbaycanda bu əməliyyat Türk mütəxəssislərin iştirakı və sponsorluğu ilə icra edildi, sonralar isə prof. M.Kərimov tərəfindən uğurla davam etdirilir. Həmin ildə (10-15 avqust) Avstraliyanın Sidney şəhərində keçirilən Dünya Angioloqlar Assosiasiyasının və Avropa venoz Forumunun 26-29 iyunda Parisdə (Fransa) keçirilən konqreslərindən qayıtdıqdan sonra cərrahi əməliyyatların rəngarəngliyi və samballığı daha da artmış, keyfiyyətcə yeni bir səbiyyəyə yüksəlmişdir. 2015-ci il də çox məhsuldar olmuş və dünyanın müxtəlif ölkələrində konreslərin iştirakçısı olmuşdur: 21-28 mart London-Qlazqo-Edinburq (Avropa Ateroskleroz Assosiasiyasının 83-cü konqresi), 7-9 mayda İzmir ürək-damar cərrahlarının illik forumu, 1-5 iyulda Sant-Peterburqda Avropa Venoz Forumunun XVI konqresi və 5-10 sentyabrda Budapeştdə keçirilən Avropa Angioloqlar Assosiasiyasının XXII konqresi.

Eyni uğurları 2016 il üçün də demək olar. Belə ki, 16-20 apreldə Budapeşdə keçirilən Beynəlxalq Fleboloji Cəmiyyətin konqresi, 6-10 iyulda Londonda Avropa Venoz Forumunun və 5-10 oktyabrda Lionda (Fransa) baş tutan Beynəlxalq Angioloji Cəmiyyətinin simpoziumunda iştirak və çıxış etmişdir.Bu forumlarda diqqəti çəkən əsas məsələlərdən biri elmə 50 ildən artıq bəlli olan sianakrilat deyilən tibbi yapışdırıcının gündəmə gəlməsi və onun venoz cərrahiyyədə tətbiqinə ilk cəhdlərin olmasıdır.

2017-ci ildə prof.M.Kərimov ölkə tibb elmini 3 möhtəşəm beynəlxalq tədbirdə təmsil etmişdir: 6-10 may Dünya Angioloji Cəmiyyətinin Avropa bürosunun Konqresi (Qraz şəhəri, Avstria), 29.06-33.07 Porto şəhərində (Portuqaliya) Avropa Venoz Forumunun simpoziumu və 10-17 noyabrda Los-Ancelesdə (ABŞ) Amerika Kardioloji Assosiasiyasının Konqresi. Bu beynəlxalq forumların hər biri damar cərrahiyyəsinin bu və ya digər sahəsində olan bir çox yeniliklərin Azərbaycana gətirilməsində böyük əhəmiyyət kəsb etmişdir. ATU-nun TCK-nın ürək-damar cərrahiyysi şöbəsinin rəhbəri təyin edilən prof.M.Kərimov ilk dəfə ölkəmizdə I Azərbaycan-Türkiyə Beynəlxalq kardiovaskulyar konfransını təşkil etdi və onun əsas moderatoru oldu. Hər iki ölkənin tanınmış ürək-damar cərrahlarının geniş qatılımı ilə səciyyələnən bu tədbir ilk növbədə öz möhtəşəmliyi və məhsuldarlığı ilə yadda qaldı. Sonrakı illərdə bu konfranslar ardıcıl olaraq daha yüksək səviyyədə davam etdirilməkdədir.

2018-ci ilin ilk beynəlxalq tədbiri 28-30 iyunda Afinada keçirilən Avropa Venoz Forumunun illik konqrersi oldu. İkinci belə tədbir Türk Kalp ve Damar cerrahisi Derneginin Antalyada (26-28 oktyabr)keçirilən beynəlxalq statuslu simpoziumu oldu. Bundan sonra prof.M.Kərimov öz müəllimi akad.A.V.Pokrovskinin şəxsi dəvəti ilə Rusiya Angioloq və Damar cərrahlarının XXXİV beynəlxalq konfransında – qurultayda (Yaroslavl ş.) iştirak etmiş və öz təcrübəsini onlarla bölüşmüşdür. Qurultay akad.A.Pokrovskinin ad gününə (89 illiyinə) həsr edilmışdir.

2019-cu il (Covid-19-dan əvvəlki dövr) bir çox aspektlərdə daha məhsuldar və rəngarəng olmuşdur. İlin ilk tədbirinin – ATU-nun 1979-cu il buraxılışının 40 illiyinə həsr edilmiş görüşün təşkilat komissiyasının sədri kimi prof.M.Kərimov onun yüksək səviyyədə və yadda qalan formada, keçmiş tələbə yoldaşları ilə keçirilməsinə nail oldu.Sonrakı dövrdə bir çox beynəlxalq forumlarda iştirak etdi: 26-30 iyuda Sürixdə (İsveçrə) Avropa venoz Forumunun növbəti illik iclasında iştirak və çıxış, 25-29 avqustda Kravkovda (Polşa ) Dünya Fleboloji Forumunun simpoziumunda iştirak. Hər iki tədbirdə alınan böyük təəssürat və yeniliklərdən sonra dünyada varikoz xəstəliyinin müalicəsindı geniş yer almağa başlayan və artıq vətəndaşlıq hüququ qazanan yeni metodun- NT-NT (sianakrilatla ablasiya) Azərbaycana gətirilməsinə qərar verən professor bunu daha detallı öyrənmək üçün Ankarada düzənlənən beynəlxalq foruma qatıldı və böyük praktiki təcrübə ilə Vətənə qayıtdı. İlin ən möhtəşəm və elmi-praktiki cəhətdən ən dəyərli forumu olan
Amerika Kardioloji Assosiasiyasının növbəti iclasına qatılma (15-21 noyabr Filadelfiya şəh.) professor üçün bir neçə cəhətdən yadda qalan oldu. Birincisi bu möhtəşəm cəmiyyətə üzv seçildi (ilk azərbaycanlı), ikincisi isə səfərdən qayıtdıqdan dərhal sonra III Azərbaycan-Türkiyə konqresini keçirərək, Türkiyədən xüsusi olaraq dəvət olunan professorlarla birlikdə MDB məkanında ilk dəfə NT-NT deyilən VenaBlock sistemi ilə əməliyyatlara başladı. Üç gün ərzində Türk hocalarla böyük uğurla çoxsaylı əməliyyatlar icra edildi (25-27 noyabr). O gündən başlayan və bu gün də ölkədə yalnız prof.M.Kərimov tərəfindən böyük uğurla icra olunan bu müalicə növü yüzlərlə pasientimizə öz sağlamlığına qovuşmaq imkanı verir.

2020-2021-ci illər bütün dünyanı ağuşuna alan Covid-19 bəlası hər sahədə olduğu kimi tibbə və cərrahiyyəyə də təsirsis ötmədi. Beynəlxalq forumların ofline formatda icrası mümkün olmasa da online qatılmalar davam etməkdədir. Prof.M.Kərimov keçən il 4, bu il isə 3 beynəlxalq konqresdə iştirak etmişdir. Onlar içərisində xüsusilə öz sambalı və əhəmiyyəti ilə seçilənlər ənənəvi olaraq Dünya Angioloji və Dünya Fleboloji Assosiasiyaları, Avropa Venoz Forumunun iclasları olmüşdur.

Prof.M.M.Kərimovun geniş sahəli fəaliyyətinin, xüsusilə də beynəlxalq əlaqələrinin bu xronikası onun necə bir alim, tədqiqatçı, həkim-cərrah olması barədə aydın təsəvvür yaradır.

Bu gün istər arterial, istər venoz, istərsə də limfatik damarların müxtəlif xəstəliklərinin ən müasir, elm və texnikanın son nailiyyətlərinə əsaslanan və ən vacibi, ancaq beynəlxalq standartlara uyğun müailicə və diaqnostikasını uğurla davam etdirən prof.M.Kərimovun fəaliyyətinin əsas qayəsi xalqımızın sağlamlığının keşiyində ləyaqətlə durmaqdan ibarətdir. Bu şərəfli işindıə ona uğurlar diləyirik!

Hər hansı bir sualınız varsa, buyurun!